Tikiş fabriklərimiz tibbi maska istehsalı ilə bağlı nə düşünür? 

16:42 06.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Son günlər dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar olaraq bir çox inkişaf etmiş və inkişafda olan ölkələrdə tibbi maska, tibbi spirt və əlcək böhranı yaşanmaqdadır. Hətta İtaliya, İspaniya, Portuqaliya kimi ölkələrdə də anoloji vəziyyətdir. İnsanlar saatlarla apteklərin önündə dayanırlar ki, tibbi maska əldə edə bilsinlər. Bu da təbiidir. Virusun bütün dünyanı cənginə alması və qəfil təlabat ucuz maliyyətli tibbi avadanlıqların çatışmazlığına səbəb olub.

Azərbaycanda da vəziyyət Avropada və Çində olduğu kimidir. Tibbi maska və tibbi spirtlər çatışmır. Əyalətlərdəki durumla paytaxt arasındakı vəziyyət də bu baxımdan eynidir. Bəzən apteklərə gün ərzində 50 və ya 100 ədəd tibbi maska verilir. O da bir neçə dəqiqə ərzində satılıb qurtarılır. Artıq ölkəmizdə tibbi maskaya tələbin artması qiymətlərə də təsirsiz ötüşməyib. Belə ki, bir neçə gün öncəyə qədər 20 qəpiyə satılan tibbi maskalar bu gündən 30 qəpiyə alıcılara təklif olunur. Qiymətlərin 50 faiz bahalaşması da təlabat faizinə təsir etməyib. Onu da əlavə edək ki, ötən həftə ölkəmizə 500 min ədəd tibbi maska gətirilmişdi.

Ölkə başçısının göstərişi ilə qısa zamanda Sumqayıtda tibbi maska istehsal edəcək müəssisə də fəaliyyətə başladı. Aprelin 6-da açılışı oldu. Bu müəssisənin də açılışı bütün ölkə üzrə təlabatı ödəməyəcək. Ekspertlər bu cür düşünür.

Belə olan halda ortaya yeni bir sual çıxır; bəs Azərbaycanda fəaliyyət göstərən iri tikiş fabrikləri, böyük dərzixanalar ölkə üzrə zəruri təlabatı nəzərə alaraq tibbi maska istehsal etmək haqqında nə düşünür?

Məsələ ilə bağlı ilk olaraq Bakı Tikiş Evi (BTE) ilə əlaqə saxlayıb məlumat öyrənməyə çalışdıq. Bakı Tikiş Evinin Satış müdiri Etibar Əzimov hafta.az-a açıqlamasında bildirdi ki, təmsil etdiyi qurumun maska istehsalı ilə bağlı hər hansı bir istəyi və ideyası yodur. Üstəlik aidiyyatı qurumlardan onlara belə bir təklif də gəlməyib:

“Bu gün Sumqayıtda Kimya Zavodunda tibbi maska istehsalına başlanıb. Artıq həmin müəssisə işə düşüb. Ölkə başçısı da açılışına gedib. Hələlik gün ərzində 70 min maska istehsal edəcək. Bakı Tikiş Evi maska istehsalına başlamayacaq. Bunun nə mənası var, çünki təlabat nə qədər olacaqsa, orada artıracaqlar. Bizdə ordu və daxili işlər nazirliyi üçün paltarlar, xidməti formalar tikilir. Bizim təyinatımız başqadır. Hazırda məlum səbəblərə görə Bakı Tikiş Evi fəaliyyət göstərmir. Fəaliyyətini dayandırıb. Gələcəkdə tibbi maska istehsalına başlamaqla bağlı hər hansı fikir və ya təklif yoxdur”.
Bu arada onu da qeyd edək ki, artıq tibbi maska istehsalı ilə əlaqədar Türkiyədə “Çilli” Tikiş fabriki hərəkətə keçib. Könüllü olaraq gündə 80 min maska istehsal edir. Bundan başqa Konyada fəaliyyət göstərən dərzi sendikaları da gündəlik 500 və 1000 ədədlik tibbi maska istehsal edərək məhəllələrdə, ucqar yerlərdə əhaliyə çatdırırlar.

Ukrayna isə daha çox özəl şirkətlərdə və tikiş sexlərində fəaliyyət göstərən şəxslər fərdi qaydada gündəlik 50-100 ədəd tibbi maska istehsal edir. Hətta Bosniya və Hersoqovinada da dərzilər tibbi maska istehsal edərək məscid imamlarına gündəlik 100 ədəd tibbi maska verirlər ki, ibadətə gələnlərə və onların ailə üzvlərinə çatdırsınlar.

Azərbaycanda isə ilk belə işi Xaçmazlı xanım dərzi Aynur Ağabalayeva həyata keçirdi. O, könüllü olaraq evində tibbi maska tikərək edərək çevrəsindəki insanlara payladı.

Şirvan şəhərində isə 4-5 dərzinin fəaliyyət göstərdiyi dərzixanada da tibbi maskalar hazırlanır. Onlar güclərinin çatdığı qədər tibbi maska istehsal etdiklərini, gün ərzində 50-60 ədəd ləvazimat hazırlayaraq dövlətin “Evdə qal sağlam qal” çağırışına dəstək olduqlarını vurğulayıblar.
Qeyd edək ki, pandemiya dövründə tək tibbi maska yox, eləcə də, həkimlər üçün lazım olan digər vasitələrə, o cümlədən xalatlara da tələbat artır. Tikis fabriklərimiz bu məsələni də diqqətdən kənarda qoymamalıdırlar...